Masallıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 6-da Masallı Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qalibləri təbrik edərək, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən masallılı gənclərinin döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Münsiflər heyəti tərəfindən inşa yazı müsabiqəsinin qalibləri müəyyən edilib. Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyinin X sinif şagirdi Təranə İsrafilova birinci, şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nuray Məmmədli ikinci, şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Pərvin Hüseynova üçüncü yerə layiq görülüb.
Masallı şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Gülnarə Mənsimova isə müsabiqənin fərqlənmə diplomu ilə mükafatlandırılıb.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.