Masallıda yollar təmir edilir, işıqlandırma sistemi yenidən qurulur
Masallı, 12 may, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda sakinlərin rahatlığını təmin etmək məqsədilə yollar təmir edilir, işıqlandırma sistemi yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin “Köhnə bazar” ərazisinə asfalt döşəndikdən sonra burada səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud kanalizasiya sistemi təmir edilir, zəruri olan yerlərdə yeni sistem qurulur. Bazarın ərazisindən keçən küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud səkilər yenidən qurulur.
Rayonda yeni asfalt yolların çəkilməsi ilə yanaşı, şəhər, qəsəbə və kənd yollarında təmir işləri aparılır.
Şərəfə kəndində 6 kilometr uzunluğunda kəndarası yollara çınqıl döşənib. Bədəlan kəndində küçələrə 40 maşına yaxın, Xıl kəndində isə 22 maşın qum-çınqıl tökülüb. Xıl kəndində 6 kilometr yol hamarlanıb, 1 kilometr ərazidə isə işıqlandırma sistemi bərpa edilib.
Rayonda aparılan abadlıq işləri çərçivəsində Bədəlan kəndində 3 kilometrə yaxın ərazidə yeni işıq dirəkləri quraşdırılıb, 3 kilometr uzunluğunda yolkənarı quraşdırılmış işıq fanarları isə yenisilə əvəzlənib. Tüklə kəndinin də mərkəzi küçəsi yeni işıqlandırma sistemi ilə təmin olunub.