MAYKL NOBEL: AZƏRBAYCANDA BÖYÜK İNKİŞAF VƏ XEYLİ TƏRƏQQİ MÜŞAHİDƏ OLUNUR
Maykl Nobel giriş nitqində Nobellər ailəsinə həsr olunmuş konfransın təşkilatçılarına dərin təşəkkürünü bildirmişdir. O demişdir ki, Nobellər Ailəsi Cəmiyyəti tərəfdaşlığa görə Rusiya və Azərbaycana minnətdardır. M.Nobel Azərbaycan rəhbərliyinin ünvanına minnətdarlıq sözləri söyləyərək bildirmişdir ki, əcdadlarının Bakıdakı “Villa Petrolea” adlı imarətinin, əslində, artıq başa çatan bərpasına göstərilən böyük səylər məmnunluq doğrurur. Bu yaxınlarda Azərbaycanda oldum və deyə bilərəm ki, orada böyük inkişaf və xeyli tərəqqi müşahidə edilir.
Səfir Polad Bülbüloğlu çıxışında Nobellər sülaləsinə və onların nəinki təkcə Azərbaycanda, həm də bütün dünyada sənayenin inkişafına verdikləri töhfəyə həsr olunmuş birinci beynəlxalq konfransın iştirakçılarını təbrik etmişdir. O demişdir ki, Nobellərin adı Azərbaycanda həmişə böyük hörmətlə çəkilir. Çox xoşdur ki, M.Nobel bunu xüsusi vurğuladı. Həqiqətən, Nobellər ailəsinin xatirəsini əbədiləşdirmək üçün Bakıda görülən bütün işlərə ehtiramla yanaşırlar. Hazırda Bakıda ən böyük prospektlərdən biri Nobel qardaşlarının adını daşıyır, “Villa Petrolea” da bərpa olunmuşdur. Bir sözlə, Azərbaycan sənayesinin inkişafına misilsiz töhfə vermiş bu böyük ailənin xatirəsi ilə bağlı hər şey diqqət mərkəzindədir. Biz konfransın Bakıda keçirilməsi estafetini davam etdirməyə hazırıq.
Nobel qardaşları Azərbaycanda işləyərkən xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olmuşlar. Onların sayəsində bir çox azərbaycanlılar Avropada və Rusiyada mükəmməl təhsil alaraq, ixtisaslı mütəxəssislər kimi Vətənin rifahı naminə çalışmışlar.
Konfransda xüsusi vurğulanmışdır ki, Nobellər, həqiqətən, dahi insanlardır və onlar bütün dünyaya məxsusdurlar.