MDB MƏKANINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Belarusda keçirilən ümumxalq referendumunu izləmək üçün bu ölkəyə səfəri və seçki prosesi haqqında Azərbaycanın xarici işlər nazirinə məlumat verən qonaq, MDB çərçivəsindəki seçkilərin monitorinqinin ənənəvi hal almasını müsbət qiymətləndirmişdir. Beynəlxalq ictimaiyyətin, o cümlədən Azərbaycanın da seçki proseslərinə marağının artdığını vurğulayan Vladimir Ruşaylo, iştirak etdiyi əvvəlki seçkilərdən fərqli olaraq, Belarusda keçirilən referendum zamanı xarici müşahidəçilərin sayının daha çox olduğunu bildirmişdir.
MDB İcraiyyə Komitəsinin rəhbəri birlik dövlətlərinin terrorizmlə mübarizə, miqrasiya, ekologiya və digər sahələrdə də əməkdaşlığının gücləndirilərək yeni mərhələyə çıxarılmasının və bu qurumun münaqişələrin həllində də daha fəal iştirak etməsinin vacibliyinə toxunmuşdur.
Xarici işlər naziri Elmar Məmmədyarov seçkilərin keçirilməsinə dair təcrübənin zənginləşdirilməsi və yeni biliklərin əldə edilməsi istiqamətində xarici təşkilat və müşahidəçilərlə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirmişdir.
MDB çərçivəsində iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini önə çəkən nazir, birlik dövlətlərinin sıx əməkdaşlığına əngəl törədən münaqişələrin aradan qaldırılmasından da söhbət açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər iki ölkə arasında iqtisadi əməkdaşlığın qeyri-mümkünlüyünü bildirən nazir, Ermənistanla Azərbaycan arasında əlaqələrin yalnız münaqişə həll ediləndən sonra real görünə biləcəyini diqqətə çatdırmışdır. Ermənistan tərəfindən işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlarda əhalinin yerləşdirilməsi məsələsinə gəldikdə isə, nazir birlik üzvlərinin bu məsələdə prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.