MDB-nin qərargahında gənclərin əməkdaşlığı sahəsində sənədlər razılaşdırılıb
Minsk, 9 sentyabr, AZƏRTAC
Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin Gənclərlə iş üzrə baza təşkilatı haqqında Əsasnamənin və Gənclər arasında sahibkarlığın inkişafı üzrə baza təşkilatı haqqında Əsasnamənin layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki qərargahının mətbuat xidmətində məlumat verilib.
Ekspertlər həmin əsasnamələrin layihələrinə dair irad və təkliflər nəzərə alınmaqla onları tamamlayıb razılaşdıraraq İcraiyyə Komitəsinə bu sənədlərin müəyyən olunmuş qaydada MDB ölkələrinin Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim olunmasını təklif ediblər.
Gənclərlə iş üzrə baza təşkilatı gənclər siyasətinin formalaşması və reallaşdırılması proseslərinin elmi-metodik təminatının təkmilləşdirilməsi, “gənclərlə iş” istiqaməti üzrə mütəxəssislərin hazırlanmasının, yenidən hazırlanmasının və onların ixtisasının artırılmasının metodik təminatı və gənclərin beynəlxalq əməkdaşlığının intensivləşdirilməsi məqsədlə yaradılır.
Gənclərlə iş üzrə baza təşkilatı statusunun “Moskva Texnologiya Universiteti” federal dövlət büdcə təhsil müəssisəsinə verilməsi təklif edilir.
Baza təşkilatının əsas məqsədi MDB iştirakçıları olan dövlətlərdə gənclər siyasətinin effektivliyini artırmaq üçün gənclərlə iş üzrə mütəxəssislərin elmi-analitik, informasiya və metodik təminatını təkmilləşdirməkdən ibarət olacaq.
Gənclər arasında sahibkarlığın inkişafı üzrə baza təşkilatı statusunun “Gənclər arasında sahibkarlığa kömək üzrə Rusiya Mərkəzi” federal dövlət büdcə müəssisəsinə verilməsi təklif edilir. Bu təşkilat MDB iştirakçıları olan dövlətlərdə gənclər arasında sahibkarlığın elmi-analitik, informasiya və metodik təminatının təkmilləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Birlik çərçivəsində MDB iştirakçıları olan dövlətlərin əməkdaşlığının müxtəlif istiqamətləri üzrə 59 baza təşkilatı, o cümlədən humanitar sahədə 25 baza təşkilatı fəaliyyət göstərir. İndi MDB-də gənclərlə iş və gənclər siyasətinin reallaşdırılması sahəsində də baza təşkilatları yaranacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk