MDB ölkələrinin ekspertləri gənclərin əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər
Minsk, 14 mart, AZƏRTAC
Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində 2016-2017-ci illərdə MDB iştirakçısı olan dövlətlərin gənclərinin 2020-ci ilə qədər olan dövrdə beynəlxalq əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsinin təkmilləşdirilməsi üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a Təşkilatın qərargahının mətbuat xidmətindən məlumat verilib.
İclas iştirakçıları 2016-2017-ci illərdə MDB iştirakçısı olan dövlətlərin gənclərinin 2020-ci ilə qədər olan dövrdə beynəlxalq əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının, habelə MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Hökumət Başçıları Şurasının (HBŞ) müvafiq qərarlarının layihələrini tamamlayıb və razılaşdırıblar.
Bu materiallara baxılması, o cümlədən onların dövlətdaxili razılaşdırılması üçün MDB iştirakçısı olan dövlətlərə göndərilməsi və Tədbirlər Planı layihəsinin müəyyən olunmuş qaydada MDB HBŞ iclasının müzakirəsinə təqdim edilməsi qərara alınıb.
2016-2017-ci illər üçün Tədbirlər Planı layihəsinə keyfiyyətli təhsildən bərabərhüquqlu istifadənin təmin olunmasına, yeni təlim formalarının tətbiq edilməsinə (o cümlədən şəbəkə təhsil müəssisələri yaradılması, distansion və qeyri-formal təlimdən istifadə edilməsi), Birlik ölkələrinin ali məktəblərinin tələbələri arasında elmi və innovasion əməkdaşlığın inkişafına yönəlmiş tədbirlər daxil edilib. Layihənin ayrıca bir bölməsi gənclərin peşə hazırlığı və ixtisasartırma, gənc mütəxəssislərin işlə təmin edilməsinə və karyera üzrə irəliləyişinə kömək məsələlərinə həsr olunub.
Sosial baxımdan ehtiyacı olan gənclərin, o cümlədən əlillərin, yetimlərin, çoxuşaqlı və problemli ailələrdən, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların dəstəklənməsi, istedadlı gənclərə ictimai fəaliyyətin bütün sahələrində kömək, onların yaradıcı və elmi fəaliyyətinin təşviq edilməsi tədbirlərinə xüsusi diqqət yetirilir.
Gənclərin ictimai birlikləri və gənc liderlər arasında əlaqələri fəallaşdırmağa, onların əməkdaşlığını möhkəmlətməyə, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, gənclər mühitində etnik, dini və siyasi ekstremizmin yayılmasının qarşısının alınmasına, ksenofobiya və dözümsüzlük təzahürlərinin aradan qaldırılmasına kömək etməyə yönəlmiş tədbirlər həyata keçirilməsi də planlaşdırılır.
Plan layihəsində sağlam həyat tərzinin təbliğinə, gənclər arasında mədəni-öyrədici turizmin inkişafına, gənclərin könüllülük (volonterlik) və tələbə dəstələri hərəkatının dəstəklənməsinə yönəlmiş tədbirlər nəzərdə tutulur.
Ekspertlərin iclasının iştirakçıları layihənin “Gənclərin beynəlxalq əməkdaşlığı sahəsində ümumi informasiya məkanı yaradılması” adlı V bölməsinə “MDB-nin 25 illiyinə həsr edilmiş tədbirlər” adlı bənd əlavə olunmasını təklif ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk