MƏHKƏMƏ HAKİMİYYƏTİNİN MÜSTƏQİLLİYİ VƏ NÜFUZU MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
İyulun 22-də “Həyat Recensi-Naxçıvan” mehmanxanasında “Məhkəmə hakimiyyətinin nüfuzu və müstəqilliyi” mövzusunda ikigünlük konfrans öz işinə başlamışdır. Konfrans Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Amerikadakı Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ) tərəfindən təşkil edilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev konfransı açaraq, ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə ətraflı danışdı. O, mətbuat nümayəndələrini peşə bayramları münasibətilə də təbrik etdi.
GTZ-nin “Keçid iqtisadiyyatlı ölkələrdə hüquqi islahatlar” layihəsinin rəhbəri, Bremen Universitetinin professoru Rolf Kniper və Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı regional direktoru Con Porter də giriş nitqi ilə çıxış edərək, ölkəmizdə hökumətlə və hüquq mühafizə orqanları ilə əməkdaşlıqlarından danışdılar.
Rusiya Konstitusiya Məhkəməsinin hakimi Nikolay Vitruk “Yeni demokratiya dövlətlərində konstitusiya ədalət mühakiməsinin funksiyalarının həyata keçirməsi kontekstində onun nüfuzu” mövzusunda məruzə ilə çıxış etdi.
Norveç Ali Məhkəməsinin hakimi Trond Dolva “Norveçin konstitusiya hüququnda məhkəmənin müstəqilliyi” mövzusundakı məruzəsində öz ölkəsində Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı münasibətlərdən ətraflı danışdı.
Müzakirələrdən sonra konfransda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Bəhmən Qəribovun “Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti müstəqilliyinin konstitusiya prinsipi”, GTZ layihəsinin rəhbəri Rolf Kniperin “Hüququn interpretasiyası, analogiyası və hüququn inkişafı. Məhkəmə və qanunvericilik hakimiyyətin nəzakətlə bölüşdürülməsi”, Almaniya Federal Ali Məhkəməsinin keçmiş sədri Karlman Qaysın “Məhkəmələrin müstəqilliyi hüquqi-siyasi amil kimi” mövzularında məruzələri dinlənildi.
Ali Məhkəmənin sədri Südabə Həsənova ölkəmizdə həyata keçirilən məhkəmə islahatları barədə konfrans iştirakçılarına məlumat veridi.
Konfransda respublikanın hüquq mühafizə orqanlarının rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirdilər.
İyulun 23-də konfrans öz işini başa çatdıracaqdır.