CƏMİYYƏT
Məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən bütün məhkəmələr mərhələli şəkildə Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiya olunub.
AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına istinadla xəbər verir ki, artıq məhkəmələrdə sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada rəqəmsal olaraq aparılacaq.
Bu inteqrasiya inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır. İndiyədək məhkəmələrdə Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi üzərindən 20 mindən çox sənəd mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, RSD vasitəsilə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi sayəsində aylıq qənaət edilən kağız miqdarı əhəmiyyətli dərəcədə artıb. Əvvəllər bu say 500 min vərəq idisə, hazırda aylıq qənaət 2 dəfə artaraq 1 milyondan çox vərəq təşkil edir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Növbəti dövrlərdə də qənaət edilən vərəq sayı artmağa davam edəcək.
Xatırladaq ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən Fərmanın icrası çərçivəsində bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1800-dən çox qurum inteqrasiya olunub.