MƏHKƏMƏLƏRDƏ KARGÜZARLIĞIN APARILMASINA DAİR TƏLİMATIN MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Nəsimi Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov və İxtisaslaşmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, 1 saylı yerli İqtisad Məhkəməsinin sədri Səadət Bəktaşi 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə hüquq islahatlarını, xüsusilə islahatın ilkin mərhələsində atılmış mühüm addımlar nəticəsində müvafiq qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasını, üçpilləli yeni məhkəmə sisteminin təsis olunmasını, ölkənin tarixində ilk dəfə olaraq hakimlərin işə test üsulu ilə qəbul edilməsini xatırlatmış və vurğulamışlar ki, cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bunun nəticəsidir ki, məhkəmə hüquq islahatı davam etdirilərək yeni mərhələyə keçmiş, son iki ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında mütərrəqi dəyişikliklər baş vermişdir.
Məhkəmə sistemi islahatının növbəti mərhələsində qarşıda duran vəzifələri də diqqətə çatdıran natiqlər, Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsinə dair 2006-cı il 19 yanvar tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulmasında mühüm rol oynayacağını bildirmişlər.
Bütün bunlarla bağlı fevralın 2-də Məhkəmə-Hüquq Şurasının geniş iclasında məhkəmə fəaliyyətinin əsas sahələrindən olan kargüzarlıq işlərinin aparılması qaydalarının, eləcə də hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair meyarların müəyyən edilməsinə dair müvafiq təlimatın hazırlanması üçün hər iki birliyə tövsiyələr verilmişdir. Tanınmış hüquqşünasların, hakimlərin iştirakı ilə yaradılan işçi qrupunun hazırlayıb təqdim etdiyi Təlimat layihəsi hakimlərin müzakirəsinə verilmişdir.
Yığıncaqda layihə ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, müzakirələrin yekunları nəzərə alınmaqla Təlimat layihəsinin Məhkəmə-Hüquq Şurasına təqdim olunması qərara alınmışdır.