MEK-də “Hay soyu ərmən cildində” kitabının təqdimatı olub
Bakı, 14 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Almaniyada yaşayan azərbaycanlı alim, yazıçı Rasim Sadiqin “Hay soyu ərmən cildində” kitabının təqdimatı olub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev açaraq dəyərli alimlərimizin əsərlərinin ictimaiyyətə tanıdılmasında rəhbərlik etdiyi müəssisənin də üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb: “Çoxsaylı gənc oxucuları olan MEK-də belə bir kitabın da saxlanılması böyük əhəmiyyət kəsb edir. Tariximizin daha çox araşdırmaya ehtiyacı olan probleminə - saxta erməni tarixçiliyinin ifşasına həsr olunmuş bu əsər gənclərimizin maarifləndirilməsində, eləcə də tarixi gerçəklərin dünyaya çatdırılmasında önəmli rol oynacaq”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Sadiq kitabın ərsəyə gəlməsindən, apardığı araşdırmalardan danışıb, erməni-hay tarixinin özəllikləri, etnosu, hay köçünün istiqamətləri, səbəbləri, dəstəkçiləri və nəticələri haqqında məlumat verib. Bildirib ki, təqdim edilən “Hay soyu ərmən cildində” monoqrafiyasının “Yalanlar tarixinin gerçək üzü” adlı araşdırmalar silsiləsindən olan birinci kitabdır. Bu adda araşdırmalar silsiləsindən ərsəyə gəlmiş kitabların yazılmasına İkinci Qarabağ müharibəsi zamanı aparılan informasiya mübarizəsində əldə edilən dəyərli məlumatlar təkan verdi.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri professor Cəbi Bəhramov, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı professor Solmaz Rüstəmova- Tohidi, Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədri Çingiz Abdullayev və digər çıxış edənlər daha çox Qərb müəlliflərinin tədqiqatlarına istinad edən araşdırmaların nəticəsi kimi ərsəyə gələn əsərin dünyada geniş yayılmış erməni yalanlarının elmi tənqidi ilə yanaşı, bir sıra məlum və naməlum həqiqətlərin də üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, monoqrafiyada hayların gerçək tarixi nəinki Cənubi Qafqaz, Anadolu coğrafi məkanında, həmçinin dünya kontekstində öyrənilir.
Sonda kitab haqqında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.