MEK Macarıstanın “Arcanum” şirkətinə yeni nəşrlər göndərib
Bakı, 30 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan “Arcanum” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən məlumat bazasına Azərbaycanın tarixi həqiqətlərini, mədəniyyətini, incəsənətini özündə əks etdirən kitablar göndərilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in fondlarında olan həmin nəşrlərin Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Sonrakı mərhələ isə MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək. Ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi irsini özündə əks etdirən nəşrlər “Arcanum” rəqəmsal dövri məlumat bazasına təqdim ediləcək.
Xatırladaq ki, “Arcanum” şirkəti 30 milyon izləyicisi olan Macarıstanın ən böyük, daim genişlənən müasir infrastrukturu, xalçaları, xəritələri və digər elmi ixtisaslaşdırılmış nəşrləri özündə əks etdirir. MEK öz növbəsində dövri məlumat bazası rolunu oynayan platformaya fondlarındakı yeni və maraqlı nəşrləri təqdim edən ölkə daxilindəki yeganə qurumdur.