Meksika Deputatlar Palatası: BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrini dəstəkləyirik
Vaşinqton, 31 oktyabr, AZƏRTAC
Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovla görüş zamanı Meksikanın Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, görüşdə Xorxe Karlos Ramires Marin bir neçə gün əvvəl müxalif “MORENA” və “PRD” siyasi partiyalarını təmsil edən üç meksikalı deputatın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunub, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edib. O, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatasının, nə də həmin deputatların təmsil etdikləri siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil, yalnız və yalnız öz individual mövqeyini əks etdirə bildiyini vurğulayıb. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edib.
Azərbaycan diplomatı öz növbəsində həmsöhbətinə münaqişə və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə dolğun məlumat verib, rəsmi Yerevanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistan hökumətinin qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.
Ramirez Marin Meksikanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edib, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini tələb edən dörd qətnaməsini dəstəklədiyini vurğulayıb.
Görüş və Meksika Deputatlar Palatasının qeyd olunan mövqeyi barədə məlumat həm Konqresin, həm də onun sədri Ramirez Marinin sosial şəbəkələrdəki rəsmi səhifələrində yayılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq ölkəmizin Meksikadakı səfirliyi məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədrinə və Azərbaycan-Meksika dostluq qrupunun sədrinə isə məktublarla müraciət edərək Meksika millət vəkillərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı Azərbaycan Respublikasının ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirib, həmin məsələnin araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edib.
Onu da xatırladaq ki, Meksika Deputatlar Palatası tərəfindən 2011-ci il 6 sentyabr tarixində qəbul olunmuş qətnamə Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini yerinə yetirməyə çağırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton