REGİONLAR
Məktəblilərin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyaları təşkil olunur
Qəbələ, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zəfər Günü ərəfəsində Qəbələ rayonunun məktəblilərinin rayonda fəaliyyət göstərən Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyaları davam edir.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zəfər Günü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq reallaşan ekskursiyalar zamanı məktəblilər qoruğun tarixi məkanları ilə tanış olmaqla yanaşı, onlara 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı barədə də ətraflı məlumat verilir.
Rayonun Çuxur Qəbələ və Mirzəbəyli kənd tam orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən növbəti tədbir zamanı məktəblilər Vətənə, torpağa, müzəffər Azərbaycan Ordusuna həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonra məktəblilər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş etdirilən tarixi eksponatlarla tanış olub, əllərində şəhidlərimizin portretlərini tutaraq xatirə şəkilləri çəkdiriblər.