MELİORATORLAR PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, melioratorların peşə bayramı ilə əlaqədar iyunun 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
Peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyunun 5-nin “Meliorator günü” kimi təsis edildiyi və həmin tarixin təsadüfi seçilmədiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, məhz 1996-cı il iyunun 5-də ulu öndər Heydər Əliyev MDB məkanında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzalamışdır. Azərbaycanda müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, bu sahənin inkişafı Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdən başlamışdır. Ulu öndərin şəxsi təşəbbüsü ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşdırılmış meliorasiya infrastrukturu yaradılmışdır.
Qeyd edilmişdir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində vaxtında başa çatdırılmış, yeni proqramların icrasına başlanmışdır.
Peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşa mükafatlar təqdim edilmişdir.
Tədbirin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.