Mən turist olsaydım – Kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr FOTO VİDEO
























Şamaxı, 22 may, Rəşad Türkoğlu, AZƏRTAC
AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər barədə məlumat verməyə davam edir.
Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bahar müjdəli bənövşədən, rəngini qızılgüldən alan lalələr... Şamaxının Kələxana kəndinin ərazisində, geniş taxıl zəmilərinin qoynunda açan al-qırmızı lalələr bu günlərdə turistlərin diqqətini cəlb edir. Yaşıl zəmi üzərində lalələrin qırmızı rəngi sanki təbiətin əl işi, fırça ilə çəkilmiş tablosudur.
Kələxana kəndi Şamaxı şəhərindən cəmi bir neçə kilometr aralıda yerləşir və əraziyə avtomobil yolu ilə getmək mümkündür.
Son günlərdə turistlər bu gözoxşayan təbiət mənzərəsini seyr etmək üçün bölgəyə üz tuturlar. Burada çəkilən fotolar sosial şəbəkələrdə geniş yayılır və Şamaxının təbii turizm potensialını bir daha ön plana çıxarır.
Bakıdan Şamaxıya avtomobillə təxminən 1,5 saatlıq yoldur. Şamaxıdan Kələxana kəndinə isə 10-15 dəqiqəyə çatmaq mümkündür.
Kəndin ətrafındakı zəmilər artıq yalnız əkin sahəsi kimi deyil, həm də təbiət həvəskarlarının, fotoqrafların və səyahətsevərlərin yeni ziyarət məkanına çevrilib desək, yanılmarıq. Bir sözlə, gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al-qırmızı lalələr Şamaxıda füsunkar mənzərə yaradıb. Lalələr sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır.