“Məndən başlanır Vətən!” adlı onlayn tədbir keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Məndən başlanır Vətən!” adlı onlayn tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, 300-ə yaxın gəncin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
“İrəli” İctimai Birliyinin baş katibi Fatimə Məsimli qurumun fəaliyyəti və Azərbaycan Gənclər Gününə həsr olunmuş “Məndən başlanır Vətən” adlı layihə barədə məlumat verib. Qeyd edib ki, təşkilat gənclərin vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbir iştirakçılarını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Tədbirdə iştirak edən spikerlərdən Orxan Fikrətoğlu bildirib ki, özünün bütün potensialı ilə təmənnasız olaraq xalqa xidmət göstərmək əsl vətənpərvərlik nümunəsidir.
“CNN Türk” kanalının müxbiri, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq nümayiş etdirən jurnalist Fulya Öztürk deyib: “Azərbaycan gəncləri çox cəsurdurlar. Onlara təkcə bir tövsiyəm var: hər zaman idealist olun və öz Vətəninizə bağlı olub ölkənizi layiqincə təmsil edin!”.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda çıxış edib, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdırıb.
Spiker Şəmil Sadiq isə çıxışında vurğulayıb ki, Azərbaycanın gələcəyi indiki gəncliyin çiyinlərində qurulacaq.
Tədbirin ikinci hissəsində ölkəni yerli və beynəlxalq arenada uğurla təmsil etmiş gənclər Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, informasiya müharibəsi və müxtəlif sahələrdə ölkəmizin uğurla təmsil olunmasına dair müzakirələr aparıblar. Prezident mükafatçısı Günay Kazımzadə xaricdə təmsilçilik mövzusunda təcrübəsini bölüşərək bildirib ki, hər birimiz həyatımızı düzgün dəyərlər üzərində qurmalı, ölkəmizin maraqlarının qorunması üçün istər yerli, istərsə də beynəlxalq arenada əlimizdən gələni etməliyik.
Tədbirdə fəal gənclərin potensialından səmərəli istifadə olunmasında, onlarda vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə “İrəli” İctimai Birliyinin rolu xüsusi vurğulanıb.
Sonda “İrəli” Medianın rəhbəri Məleykə Tağızadə 44 günlük Vətən müharibəsində göstərdikləri şücaət və birliyə görə gənclərə təşəkkür edib. O, Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Xatırladaq ki, “İrəli” İctimai Birliyi fevralın 3-də İçərişəhərdə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Action Bound - Axtar Tap!” intellektual yarışı təşkil edəcək.