“Məndən sonra…” və ya özündən başlanan yol
Bakı, 8 noyabr (AZƏRTAC). Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın yeni işıq üzü görmüş “Məndən sonra…” (Özümə yolçuluq) kitabı oxucunu özündən başlamağa, özünü dərk etməyə çağırır.
AZƏRTAC xəbər verir ki, “Özümə yolçuluq” seriyasından çıxan bu ilk kitab əslində özünə yolçuluğun yolların ən çətini olduğuna bir işarədir. Bəlkə də, dünyanın bütün yolları keçilmək, getmək üçündür, tək özünə yolçuluqdan başqa. Çünki bu yola çıxmaq üçün insan özünü dərk edib anlamalı, kim olduğunu, haradan gəlib, hara getdiyinin fərqinə vara bilməlidir. Özünə yolçuluğa başlamaq üçün yaradıcı insan, fitri istedad sahibi olmaq gərəkli deyil, bu yol sənin özün qədər özünə yaxındır, sadəcə olaraq bu yola çıxmağı bacarmalısan.
Əsərin annotasiyasında yazıldığı kimi, anlamaq istəyən könüllərə açıqdır bu kitabın səhifələri. Bu, bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, “O”nunla olan və “özünə yolçuluğa” çıxan bir insanın, bir yolçunun kitabıdır.
Kitabda Q.Paşayevanın müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) yer almışdır.
Bəlkə də “Məndən sonra...” kitabı insanın var olduqca gördüklərinə, etdiklərinə bir cavabıdır. Bu kitab həm də insanı yaxşılıqlar naminə yaşamağa, pisliklərdən uzaq olmağa səsləyən bir vasitədir.
“Məndən sonra…” (Özümə yolçuluq) kitabına yekun vuran müəllif yazır: “38 yaşıma çatdım…Yaşlanmaqdan qorxmadım heç zaman. Məni bu 38 ildə ən çox üzən ən azı 38 dəfə insanlığın ölümünün şahidi olmam oldu… Xocalıda, Serebrenitsada, Ruandada, Somalidə, Əfqanıstanda, Çeçenistanda, Qəzzada, Myanmada, İraqda, Suriyada…. Uzun bir siyahıdı. Günahsız insanlar, günahsız axan qanlar… Torpaq qandan, göz yaşından doydu, göylər ah-nalədən. Bir tək insan doymadı, yorulmadı insanlığı öldürməkdən, qətl etməkdən… Nə qədər acı olsa da İnsan hər gün bir az daha çox insanlığın qatilinə çevrildi. Sevgi getdikcə daha da azalır, nifrət çoxalır. Heç kəsin əbədi olmadığı, ölümün hər kəs üçün var olduğu bir dünyada nədir görəsən insanın insanlıqla dərdi ki, onu getdikcə daha çox öldürür? İndi bu suala daha çox cavab axtarıram. İnsanı daha yaxından tanımaq istəyirəm. Elə özümü də… Bəlkə bizim hamımızın əslində özümüzə yolçuluğa çıxma zamanımızdır? Bəlkə özümüzə yolçuluğa çıxmaqla bir çox suallara cavab tapa bilərik? Bəlkə insanlığı bu yolla xilas edə bilərik? Bilmirəm… Sadəcə onu bilirəm ki insanlıq faciəsi yaşayan dünyada yaşamaqdan deyəsən yorulmuşam. Hər gün televiziya ekranlarından seyr etdiyim, mətbuat səhifələrindən oxuduğum dünyadan sözün gerçək mənasında utanıram”.
“Elim və təhsil” nəşriyyatında yüksək poliqrafik icrada çap olunmuş bu kitabın redaktorları Sərvaz Hüseynoğlu və Əkbər Qoşalıdır.
Qənirə Paşayeva kitabın “İmza gün”ndə satışından əldə olunan vəsaiti ailə başçısını itirmiş və çox ağır durumda yaşayan çoxuşaqlı ailələrdən birinə bağışlamışdır.