MƏQSƏD AZƏRBAYCANDA VERGİLƏRİN KÖNÜLLÜ ÖDƏNİLMƏSİ SİSTEMİNİ İNKİŞAF ETDİRMƏKDİR
Nazir Fazil Məmmədov bildirmişdir ki, 2005-ci il Azərbaycanın vergi xidmətində islahatların bir mərhələsi kimi yadda qalacaqdır. İlk növbədə, vergi orqanlarının öz fiskal vəzifəsinin öhdəsindən uğurla gəldiyi bir daha vurğulanmalıdır. Proqnozlara 100,5 faiz əməl edilməsi ilə yanaşı, 9 ödəmə növü üzrə vergi daxilolmaları tam yerinə yetirilmişdir. Daxilolmalar həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə tam yerinə yetirilib, qeyri-dövlət sektoru üzrə büdcə daxilolmalarının həcmi isə xeyli artmışdır. 2004-cü illə müqayisədə daxilolmaların 42 faiz artımı, ilk növbədə, Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımın nəticəsidir.
Bunula belə, son illərdə həyata keçirilən vergi islahatları, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, əlverişli vergi mühitinin yaradılması, çevik vergi siyasəti daxilolmaların ahəngdarlığına nail olunmasına müsbət təsir göstərmişdir. Qanunvericiliyin təkmilləşdirilməsi üzərində də iş gedir, son əlavə və dəyişikliklərdən sonra Vergi Məcəlləsi işi daha səmərəli qurmaq üçün kifayət qədər əsaslar yaratmışdır.
Nazir ötən ili həm də vergi islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanması kimi də xarakterizə etmiş, bu baxımdan “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nı xüsusi vurğulamışdır. Belə bir hüquqi sənədin qəbulu, ilk növbədə, dövlət rəhbərliyinin və hökumətin vergi xidmətinin müasir standartlara uyğunlaşdırılması prosesində marağının ifadəsi sayıla bilər. Proqramın reallaşdırılması Azərbaycanın vergi xidmətini daha təkmil bir struktura, vergi ödəyicilərinə xidmətin daha müasir standartlara köklənməsi istiqamətində çox mühüm irəliləyişlərə imkan verəcəkdir.
2005-ci ildə dövlət başçısının Fərmanına uyğun olaraq, vergi ödəyicilərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, vergi ödəyicilərinin reyestrinin aparılması barədə danışan nazir demişdir ki, biz indi vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı daha dolğun təsəvvür əldə etmişik və bu, işimizi daha yaxşı qurmağa imkan verir.
Daha sonra bildirilmişdir ki, 2005-ci ilin mühüm iş proseslərindən biri “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərin və vergi orqanları qarşısına qoyulmuş vəzifələrin həll edilməsi ilə bağlı idi.
Vergi borclarının məcburi alınması işinin təşkilində keyfiyyətcə yaxşılaşmanın olması da ötən ilin çox mühüm nəticələrindən biridir. Məqsəd Azərbaycanda vergilərin könüllü ödənilməsi sistemini inkişaf etdirməkdir. Ötən il könüllü əməletmə səviyyəsi 92 faizdən çox olmuşdur.
Qarşıdakı illərdə sistemdaxili korrupsiya risklərini ifşa edən mexanizmlər və prosedurların tətbiq olunması davam etdiriləcəkdir.
F.Məmmədov əlavə dəyər vergisinin qeydiyyatında və nağd hesablaşmalar sahəsində olan nöqsanlardan da danışmışdır.
Çıxışının sonunda xatırlatmışdır ki, Prezident İlham Əliyev vergi orqanlarına böyük etimad göstərir. Ötən il vergi işçilərinin peşə bayramlarının təsis edilməsi, vergi orqanları əməkdaşlarına xüsusi rütbələrin verilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi bunu bir daha təsdiqləyir.
Kollegiya iclasında nazir müavinləri Natiq Əmirov və Natiq Qasımov sahələrə dair hesabatlarla çıxış etmişlər.