İQTİSADİYYAT
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Azərbaycan Mərkəzi Bankında (AMB) daim diqqət mərkəzində saxlanılır. Media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılmasına, ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılmasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, mərkəzi bankçılıq, həmçinin maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər təşkil olunur.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu prosesin davamı olaraq milli mətbuatın 147-ci ildönümü ərəfəsində, eləcə də Mərkəzi Bankın 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasından irəli gələn vəzifələrin reallaşmasına töhfə vermək məqsədilə Mərkəzi Bankda mətbuat nümayəndələri üçün “İnflyasiya: mahiyyəti və səbəbləri” mövzusunda növbəti təlim keçirilib. Təlim iştirakçılarına inflyasiya proseslərinin nəzəri mahiyyəti, hazırda dünya iqtisadiyyatında baş verən qiymət artımları, ölkəmizdə antiinflyasiya tədbirləri, o cümlədən Mərkəzi Bankın qiymətlərin sabitliyi ilə bağlı siyasət qərarları barədə ətraflı məlumat verilib.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra təlim iştirakçılarının Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşü keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.