Mərkəzi Elmi Kitabxana və Türkiyə şirkəti rəqəmsallaşma sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin layihə üzrə meneceri Oğuz Akpınarla görüş olub.
Bu barədə AZƏRTAC-a Mərkəzi Elmi Kitabxanadan bildirilib.
Görüş Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbərliyinin cari ildə Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri zamanı yaradılmış əməkdaşlıq əlaqələrinin davamı olaraq keçirilib.
Görüşdə MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər. Görüşdən əvvəl “Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi Oğuz Akpınar Mərkəzi Elmi Kitabxananın fondları və şöbələri, müasir kitabxana xidmətləri, elektron resursların idarə olunması, rəqəmsallaşdırma istiqamətində həyata keçirilən layihələr, eləcə də kitabxanada tətbiq olunan innovativ texnoloji həllərlə tanış olub. Daha sonra Oğuz Akpınar təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi imkanları və perspektivləri barədə məlumat verib.
Görüş zamanı kitabxana-informasiya sahəsində müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin inkişafı və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.