SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Komissiyanın sədri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi Mərkəzi Seçki Komissiyasının 2008-ci il 7 avqust tarixli 9/33 saylı qərarı ilə təsdiq edilmişdir. Namizədin müdafiəsi üçün toplanmış 46 750 seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2008-ci il avqustun 11-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. İmzalar 124 seçki dairəsindən toplanmışdır. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.
Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin təsdiq olunması barədə qərar çıxarmışdır. Müzəffər Qiyas oğlu Baxışovun prezidentliyə namizəd Qulamhüseyn Surxay oğlu Əlibəylinin səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında da qərar qəbul edilmişdir.
MSK bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi barədə də qərarlar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmiş, cari məsələlərə də baxmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.