MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın katibi Natiq Məmmədov ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması barədə qərar qəbul olunmuşdur.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. Milli Məclisin deputatı Aydın Mirzəzadənin Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilməsi barədə qərar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası namizədlikləri özləri tərəfindən irəli sürülmüş Teymur Pərviz oğlu Quliyevin və Süleyman Uğuz oğlu Quliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliklərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunmuş, cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Avropa Şurasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.