MƏTBUAT ŞURASI KEÇƏN İL GÖRDÜYÜ İŞLƏRƏ DAİR HESABATINI TƏQDİM ETMİŞDİR
Konfransda MŞ-nin sədri Əflatun Amaşov 2005-ci ilin ən əhəmiyyətli hadisələri kimi, ölkə jurnalistlərinin III qurultayını və milli mətbuatımızın 130 illik yubileyi ilə əlaqədar keçirilən tədbirləri qeyd etmişdir. Qurultay ərəfəsində MŞ-nin Dünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul edildiyini söyləyən natiq, mayın 21-də keçirilmiş mötəbər tədbir haqqında qısa məlumat vermişdir. O, Prezident İlham Əliyevin milli mətbuatımızın yubileyinin keçirilməsi, “Əməkdar jurnalist” fəxri adının bərpası ilə əlaqədar sərəncamlarını, qurumun Prezidentin İcra Aparatı ilə birlikdə Zərdab, Yevlax, Gəncə, Quba və Masallıda təşkil etdiyi tədbirlərdə müxtəlif bölgələrin 300-dən çox media nümayəndəsinin mükafatlandırıldığını, ölkə başçısının iştirakı və çıxışı ilə “Gülüstan” sarayında keçirilmiş yekun mərasimində həmkarlarından 140 nəfərinin “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, Prezident təqaüdünə, orden və medallara layiq görüldüyünü diqqətə çatdırmışdır.
Ə.Amaşov 2005-ci ildə MŞ idarə heyətinin 12 iclasının keçirildiyini, qurumun reket jurnalistlərə qarşı mübarizəyə xüsusi diqqət yetirdiyini bildirmişdir. Bu məqsədlə MŞ nümayəndələrinin 32 rayonda araşdırma apardığı, bunun nəticəsi kimi, 250-ə yaxın qəzetin adının qurumun “qara siyahı”sına salındığı, 10 qəzet üzrə isə hüquq mühafizə orqanlarına müraciət edildiyi nəzərə çarpdırılmışdır. Parlament seçkilərinin də təşkilatın daim diqqət mərkəzində olduğunu söyləyən natiq, bu ərəfədə KİV əməkdaşlarının peşə davranışına xüsusi əhəmiyyət verildiyini, rəsmi dövlət nümayəndələri, siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirildiyini qeyd etmişdir. Hesabatda MŞ-nin maliyyələşməsi və xərcləri barədə də məlumat verilmişdir.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və başqaları MŞ-nin fəaliyyətinə münasibətlərini bildirmiş, onun mətbuatımızda gedən proseslərə nəzarət etdiyini vurğulamışlar.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.