DÜNYA
Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb
Ankara, 12 oktyabr, AZƏRTAC
Türkiyədə bu yay mövsümündə yağıntıların miqdarı əvvəlki illərə nisbətən orta hesabla 9 faiz azalıb.
AZƏRTAC bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatlarına istinadla xəbər verir.
İdarədən bildirilib ki, Türkiyədə yay aylarında orta mövsümi iqlim yağıntısının miqdarı 64 millimetr, bu il isə 58,4 millimetr olub.
Yağışlar yalnız Aralıq dənizi bölgəsində və Şərqi Anadoluda artıb, Türkiyənin əksər hissəsində isə daha az yağıntı miqdarı qeydə alınıb.
Mərmərə bölgəsində 2024-cü ilin yayında yağıntılar 66 faiz azalaraq son 21 ilin ən aşağı səviyyəsinə düşüb. Egey və Qara dəniz bölgələrində də yağıntının miqdarı azalıb.
Bursa, Balıkesir, Çanaqqala, İzmir, Aydın, Muğla, Hatay, Şanlıurfa, Qaziantep və Adıyamanda yağıntılar mövsümi iqlim normasından 80 faiz az olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara