DÜNYA
“Microsoft” Afrikanın kənd təsərrüfatında süni intellektin tətbiqinə kömək edəcək
Əddis-Əbəbə, 7 sentyabr, AZƏRTAC
“Microsoft” şirkəti öz Afrika təşəbbüsü çərçivəsində Afrika ölkələrinin kənd təsərrüfatında texnoloji sahədə birgə əməkdaşlıq məqsədilə “Afrika yaşıl inqilab naminə Alyans”la (AGRA) yeni əməkdaşlığın başlanmasını elan edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu təşəbbüs Efiopiya daxil olmaqla 11 ölkədə 2021-ci il üçün 30 milyon fermer təsərrüfatının qida təhlükəsizliyinin artırılmasına yönəlib. “Microsoft” ilə AGRA tərəfdaşlığı çərçivəsində səmərəli fermerliyin inkişafı üçün rəqəmsal texnologiyaların və süni intellektin istifadə edilməsi imkanları öyrəniləcək və bu məlumatlar əsasında fermaların istehsalının və gəlirlərinin artırılması üçün müxtəlif variantlar təklif olunacaq. Nəzərdə tutulan əməkdaşlıq proqramına əsasən həmçinin fermerlər rəqəmsal təhsil kontenti vasitəsilə yeni texnologiyaları tətbiq edəcək.
Qeyd olunur ki, bu təşəbbüs “Microsoft”un Afrika qitəsində aqrotexnologiyalara yatırdığı sərmayələrin bir hissəsidir və şirkət öncə onun Afrika İnkişafı Mərkəzi tərəfindən süni intellektin kənd təsərrüfatında tətbiq edilməsinə kömək edəcəyini bildirib. Bundan əlavə “Microsoft” bir sıra Afrika startaplarını və şirkətlərini, o cümlədən “SunCulture”, “Virtual City”, “N-Frnds” və “Twiga Foods”u dəstəkləyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə