MİCROSOFT KORPORASİYASI AZƏRBAYCANDA LAYİHƏSİNİN ƏSAS MƏRHƏLƏSİNİ GERÇƏKLƏŞDİRMƏYƏ BAŞLAMIŞDIR
Microsoft-un ölkəmizdəki baş direktoru Vladimir Çaykovski çıxışında bildirmişdir ki, korporasiyanın məhsulu indiyədək 45 dilə tərcümə olunmuş və fərdi kompyuterlərin platformalarının əksəriyyətinə uyğunlaşdırılmışdır. Bu, MS Windows-un işlədiyi ölkələrə hörmət əlamətidir. Korporasiya əmindir ki, MS Windows-un proqram təminatının Azərbaycan dilinə tərcüməsi ölkəmizdə Microsoft istifadəçilərinin sayını artıracaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına təkan verəcəkdir.
MS Windows-un ölkəmizdəki rəsmi tərəfdaşı olan AZEL (Azərbaycan Elektronikası) şirkəti korporasiya ilə imzalanmış müqavilə çərçivəsində fəaliyyət göstərir. Şirkət indiyədək terminologiya lüğətinin qlossariya variantının hazırlanmasına dair bəzi çox vacib işləri yerinə yetirmişdir. Qeyd olunmuşdur ki, belə çətin prosesin uğurla yerinə yetirilməsi işinə ictimaiyyətin geniş dairələri cəlb edilməlidir. Bu məqsədlə MS Windows xüsusi sayt yaratmışdır: http://members.microsoft.com/wincg/home.aspx?!angid=1068. İstifadəçilər layihədə iştirak etmək üçün həmin saytda qeydiyyata alınmalıdır, sonra qlossariyanın bu və ya digər termininin tərcüməsinə dair öz variantlarını vermək hüququ qazanırlar. Təklif olunan bütün variantlar layihənin Moderatorunun (aparıcısının) - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadənin başçılıq etdiyi bir qrup mütəxəssis tərəfindən öyrəniləcəkdir. Terminlərdən hər birinin dilimizdəki son ekvivalenti Moderator tərəfindən müəyyənləşdirildikdən və saytda qeydiyyata alındıqdan sonra onlar lokallaşdırılmış sayılacaqdır.
AZEL-in baş direktoru İqor Yakovenko mətbuat konfransında demişdir ki, əsas terminlərin Azərbaycan dilinə tərcüməsi mərhələsi, əslində, sona yetmişdir və hazırda yeni mərhələ - konkret cümlələrin və mətnlərin tərcüməsi başlanır. Azərbaycan dilində yüksək texnologiyaların terminologiyası hələ axıradək sabitləşməmişdir. Məhz buna görə də ictimaiyyətin geniş dairələri layihənin həyata keçirilməsində iştirak etməlidir.
Layihəyə göstərilən marağa görə jurnalistlərə minnətdarlığını bildirən Elmir Vəlizadə vurğulamışdır ki, qlossariyanın tərtib olunması işinə təkcə yüksək texnologiyalar sahəsində mütəxəssislər deyil, həm də filoloq alimlər, Milli Elmlər Akademiyasının əməkdaşları cəlb olunmuşlar. O demişdir ki, MS Windows layihəsinin gerçəkləşdirilməsi işinə ictimaiyyətin daha geniş dairələrini cəlb etmək məqsədi ilə xüsusi forum saytı - www.day.az yaradılmışdır. Layihəni ilin axırınadək həyata keçirmək nəzərdə tutulmuşdur. Bundan sonra istifadəçilərin təklif və rəyləri nəzərə alınmaqla, onun təkmilləşdirilməsi prosesi başlanacaqdır.
Sonda Microsoft Korporasiyasının nümayəndələri jurnalistlərin suallarına cavab vermişlər.