İQTİSADİYYAT
MİDA “Rabitəbank” ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.
Məlumata əsasən, vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti maliyyə təşkilatı “Rabitəbank” ASC oldu.
1993-cü ildə fəaliyyətə başlayan “Rabitəbank” ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə ölkənin 14 regionunda təmsil olunur.
Beləliklə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 7-yə çatıb. Daha öncə isə analoji müqavilələr “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “TuranBank” ASC və “PAŞA Bank” ASC ilə bağlanıb.