MİKAYIL MÜŞFİQİN SAYADLAR KƏNDİNDƏKİ EV-MUZEYİ YENİDƏN QAPILARINI AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndindəki ev-muzeyi əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlamışdır.
Bu münasibətlə şairin abidəsi önündə keçirilmiş mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında sərəncamı çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Nazirliyin vəsaiti hesabına əsaslı təmirdən sonra şairin doğma kəndində ev-muzeyinin açılış mərasiminin keçirilməsi də həmin tədbirlərdəndir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, xalq yazıçısı Anar, M.Müşfiqin tədqiqatçısı Gülhüseyn Hüseynoğlu, şair-tərcüməçi Səlim Babullaoğlu və başqaları mərasimdə çıxış edərək, yubilyarın yaradıcılığının müxtəlif istiqamətlərindən və xüsusiyyətlərindən söz açmışlar. Vurğulanmışdır ki, dərin yaddaşa, geniş mütaliəyə, fitri istedada malik olan M.Müşfiq az ömür sürsə də XX əsr Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri vardır. O, romantik şair idi, nəğmə dolu sətirləri bu gün də müğənnilərimizin repertuarından, müşfiqsevərlərin dilindən düşmür.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev mərasimdə çıxış edərək, doğma vətənində şairin 100 illik yubileyinin belə təntənəli keçirilməsində, ev-muzeyinin əsaslı təmir olunmasında, muzeyin, eləcə də Müşfiqin abidəsinin ətrafının abadlaşdırılmasında Prezidentin müvafiq sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmiş, rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Tədbir rayon mədəniyyət evində davam etdirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Görkəmli dramaturq Cəfər Cabbarlının abidəsi də ziyarət edilmişdir.
Mədəniyyət evində Azərbaycanın tanınmış incəsənət ustaları maraqlı konsert poqramı ilə çıxış etmişlər. Müğənnilərin ifasında Müşfiqin sözlərinə bəstələnmiş mahnılar səslənmişdir.
Xalq artistləri Nurəddin Mehdixanlı və Məleykə Əsədova şairin şeirlərini söyləmişlər.