Mikrobiologiya İnstitutunun əməkdaşları regionlarda südün təhlükəsizliyinin mikrobioloji göstəricilərini öyrənəcəklər
Bakı, 25 iyul, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutunun su mikrobiologiyası laboratoriyası Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təsis etdiyi “Elm-təhsil inteqrasiyası” qrant müsabiqəsində “Azərbaycanın regionlarında istehsal olunan südün mikrobioloji təhlükəsizliyi prinsipləri” layihəsi ilə qalib olub. Məlumdur ki, süd bir çox mikroorqanizmlərin çoxalması və yaşaması üçün əlverişli mühitdir. Buna görə də bir çox hallarda istehlakçılarda qida zəhərlənmələrinin və infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar südün sanitar vəziyyətinin və texnoloji xüsusiyyətlərinin etibarlı göstəricisi kimi ümumi bakterioloji səviyyənin yoxlanılması xüsusilə zəruridir. Xam süddə salmonella, xəstəliktörədən kokklar və enterekokkların yayılma dərəcəsinin öyrənilməsi xüsusi diqqət tələb edir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatların əsas məqsədi regionlarda südün təhlükəsizliyinin mikrobioloji göstəricilərinin öyrənilməsidir. Tədqiqatların aparılması üçün süd nümunələri Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncə Qazax və Lənkəran iqtisadi rayonlarından götürüləcək.Tədqiq olunan süd nümunələrində göbələk və bakteriya kulturaları ayrılacaq, südün mikroorqanizmlərlə çirklənmə dərəcəsi təyin ediləcək, süd nümunələrində bəzi zəhərli bakteriyaların yayılma səviyyəsi və südün mikrobioloji təhlükəsizliyinə təsir göstərən amillər müəyyənləşdiriləcək. Layihənin dəyəri 35 min manatdır və 12 ay müddətində həyata keçiriləcək.
Qarşıya qoyulan məsələlərin öyrənilməsi süd xammalının keyfiyyətinin artırılması, ondan alınan süd məhsullarının əmtəə-texnoloji qiymətləndirilməsinin nəzəri və praktiki nöqteyi-nəzərdən işlənməsi üçün böyük əhəmiyyət kəsb edən metodiki yanaşmalar verəcək. Tədqiqat işinin elmi əhəmiyyəti ölkəmizin ticarət əlaqələrinin daha da genişləndirilməsinə, istehsalın iqtisadi səmərəliliyinin inkişafına kömək edəcək.