Milli Arxiv İdarəsi Finlandiya arxivi ilə saziş imzalayıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İdarənin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov AZƏRTAC-a bildirib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, önünə tər güllər düzülüb. Həmçinin qonaqlar Şəhidlər xiyabanında vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsini də yad ediblər.
Sonra tərəflər Milli Arxiv İdarəsində saziş imzalayıblar. Sazişi Finlandiya Milli Arxivinin baş direktoru Yussi Nuorteva və Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalayıb.
Eyni zamanda, qonaqlar Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivində Finlandiya tarixinə aid olan sənədlərlə tanış olub.