Milli Azərbaycan Tarixi Muzeyində hərb tarixinə dair yeni kitabın təqdimatı keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində I Qarabağ müharibəsi iştirakçısı, hərb tarixçisi Yusif Ağayevin “Koroğlu” xalq dastanında Azərbaycan xalqının hərb sənəti” (Voyennoe iskusstvo azerbaydjanskoqo naroda v narodnom epose “Koroqlu”) kitabının təqdimatı keçirilib. Tədbir pandemiya nəzərə alınaraq məhdud sayda iştirakçı ilə təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov kitabda muzeyin Silahlar və bayraqlar fondunda qorunan bir sıra eksponatların fotolarının əksini tapdığını diqqətə çatdırıb.
Nəşrə ön sözün müəllifi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı dastanda verilmiş məlumatların dövrün yazılı mənbələri, muzey materialları ilə tutuşdurularaq, tədqiqata geniş elmi ədəbiyyatın cəlb edildiyini vurğulayıb.
Hərb tarixçisi Yusif Ağayev qeyd edib ki, kitabda XVI əsrin sonu - XVII əsrin əvvəllərində yaradılmış dastan əsasında dövrün hərb sənətinin müxtəlif aspektləri araşdırılır. Həmçinin dövrün strategiya və taktikası, qoşunların toplanması və təlimi, maddi-texniki təminatı, kəşfiyyatı, yürüş və döyüş düzülüşləri, silahları təhlil olunur.
Y.Ağayev 44 günlük Vətən müharibəsindən də söz açıb, ordumuzun qələbə qazanmasının hərb tariximizin şanlı zəfəri olduğunu vurğulayıb. Müəllif nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə xüsusi təşəkkürünü bildirib.
Qeyd edək ki, kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov, hərbi məsləhətçisi general-leytenant Talıb Məmmədovdur.