Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir və “Xilaskarlar” kitabının təqdimatı keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qədirbilən xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyini bildirib. Deyib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı.
Kərim Tahirov bildirdi ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas etdi, milli dövlətçiliyimiz qorunub saxlanıldı, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya etdi, dünya arenasında öz sözünü deyən qüdrətli dövlətə çevrildi.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunub.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının məziyyətlərindən söz açan Kərim Tahirov bildirib ki, alimin demək olar bütün kitablarının təqdimatı Milli Kitabxanada keçirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Qurtuluş Günü ərəfəsində keçirilən bu tədbirin böyük əhəmiyyət daşıdığını söyləyib. Milli Qurtuluş Günü Azərbaycan üçün xüsusi əhəmiyyətli günlərdən biridir. Belə ki, həmin tarixdə Azərbaycan parçalanma təhlükəsindən xilas olmuşdur. Həmin xilası isə ulu öndərimiz Heydər Əliyev həyata keçirmişdir. Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var. Ulu Öndərin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla qurtarmaz. Daha sonra o, professor Qəzənfər Paşayevə “Xilaskarlar” kitabını yazmasına görə təşəkkürünü bildirib.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də 15 iyun - Milli Qurtuluş Günüdür. Həmin gün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir xaosdan, parçalanma təhlükəsindən xilas edərək xalqımızın yaddaşında əbədi xilaskar adını qazanmışdır. O, professor Qəzənfər Paşayevə belə bir kitabı yazdığına görə minnətdarlığını bildirib.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, kitabın “Ön söz” müəllifi İsa Həbibbəyli məruzə ilə çıxış edərək bildirib ki, məhz bu günlərdə Milli Qurtuluş Günü ərəfəsində professor Qəzənfər Paşayevin müəllifi olduğu “Xilaskarlar” kitabının təqdim olunması mühüm əhəmiyyətə malikdir. Bu kitab professor Qəzənfər Paşayevin yaradıcılığında özünəməxsusluğu ilə seçilir. “Xilaskarlar” kitabı Q.Paşayevin Azərbaycan ziyalılarına, oxucularına bir töhfəsidir. Bu kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev epoxası ümumiləşdirilib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, professor Qəzənfər Paşayevin yaradıcılığında çoxsaylı kitablar vardır, onların içərisində xüsusi çəkisi olan kitablardan biri də məhz bu gün təqdimatı olan “Xilaskarlar” kitabıdır. O bildirib ki, təqdim olunan “Xilaskarlar” əsəri xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyevin fəaliyyətinə həsr olunub. Daha çox gələcək nəsillərə ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı; AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli; AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Milli Qurtuluş Gününün tariximizdə tutduğu əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycan xalqının həyatında oynadığı roldan danışıblar.
Qeyd edilib ki, oxuculara təqdim olunan “Xilaskarlar” kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir.
Bütün iştirakçılara minnətdarlığını bildirən Qəzənfər Paşayev kitabın ərsəyə gəlməsindən və ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafı naminə gördüyü böyük işlərdən söz açıb.
Vurğulanıb ki, kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə çap olunub.
Sonda qonaqlar “15 iyun - Milli Qurtuluş Günüdür” adlı geniş sərgisi ilə tanış olublar.