Milli Kitabxanada “Teymur Elçin-95” adlı tədbir keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi, ictimai-dövlət xadimi Teymur Elçinin anadan olmasının 95 illiyi münasibətilə “Teymur Elçin-95” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr vermiş, zəngin yaradıcılığa malik şair, tərcüməçi, ictimai xadim Teymur Elçinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi, yüksək mənəvi-əxlaqi keyfiyyətlərindən danışıb. Onun yaradıcılığının əsasını, bədii-estetik məğzini məhz uşaq ədəbiyyatı təşkil etdiyini, uşaq ədəbiyyatının inkişafına xidmətin onun yaradıcılıq prinsipinə çevrildiyini söyləyib.
Eyni zamanda, natiq ədibin tərcümə fəaliyyətindən də geniş danışaraq, onun İ.Turgenev, F.Q.Lorka, K.Çukovski, Aqniya Barto və digər klassiklərdən etdiyi tərcümələrin tərcümə ədəbiyyatımızın ən gözəl nümunələrindən olduğunu söyləyib.
Milli Kitabxananın direktoru çıxışında Teymur Elçinin ictimai xadim kimi də mədəniyyət sahəsindəki böyük xidmətlərindən bəhs edərək ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etdiyini, 1975-1988-ci illərdə Azərbaycan mədəniyyət nazirinin müavini işlədiyini bildirib. Yüksək insani mənəvi keyfiyyətlərə malik Teymur müəllim yüksək vəzifələrində çalışmasına baxmayaraq həmişə insanlara, gənclərə bütün sahələrdə kömək göstərdiyini xüsusi qeyd edib.
Kərim Tahirov çıxışında 5 il öncə Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şairin həyat və yaradıcılığı haqqında “Teymur Elçin” adlı ilk fundamental biblioqrafiyanın tərtib olunduğunu və eyniadlı elektron məlumat bazasının hazırladığını qeyd edib və həmin elektron məlumat bazasının hazırda təkmilləşdirildiyini söyləyib. Hazırda həm biblioqrafiyanın və həm də elektron məlumat bazasının tam mətnin Milli Kitabxananın saytı (anl.az) vasitəsilə bütün dünyaya yayımlandığı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Milli Kitabxananın öz ziyalılığı, insanpərvərliyi və gənclərə qayğıkeşliyi ilə seçilən T.Elçinin zəngin ədəbi və ictimai-siyasi xidmətlərinin dövlətimiz yüksək qiymətləndirildiyini, xatirəsinin əbədiləşdirildiyini, ehtiramla anıldığını vurğulayıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə Teymur Elçinin zəngin yaradıcılığını əks etdirən müxtəlif dillərdə çap olunmuş əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.