MƏDƏNİYYƏT
Milli Kitabxanada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Milli Kitabxanada 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkə hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdı: “Heç bir zəfər, azadlıq qansız başa gəlmir. Çox təəssüflər olsun ki, bizim də Zəfər müharibəmizdə çoxsaylı cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini biz heç vaxt unutmayacağıq”.
Direktor böyük Qələbənin Prezident İlham Əliyevin prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi, məqsədyönlü, ardıcıl siyasət aparması nəticəsində əldə olunduğunu vurğulayıb. Bildirib ki, bu tarixi Zəfər haqqında çoxsaylı kitablar yazılıb və bundan sonra da yazılacaq.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova qeyd edib ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində noyabrın 1-dən etibarən Zəfər həftəsi elan olunub. Zəfər həftəsi çərçivəsində rayonun müxtəlif müəssisə, təşkilat və idarələrində mədəni-kütləvi tədbirlər, idman yarışları və s. təşkil olunub, şəhid ailələri və qazilərlə görüşlər keçirilib. O, Səbail rayonu üzrə 16 şəhidin olduğunu, şəhidlərin adlarını əbədiləşdirmək üçün məktəblərdə sinif otaqlarının, xatirə lövhələrinin açıldığını vurğulayıb.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü şanlı tariximizdir!” adlı elektron məlumat bazasının təqdimatı olub.
Qeyd edək ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Zəfər paradında Prezident İlham Əliyevin nitqi”, “Zəfərlərimiz”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Zefer_gunu/index.html linkindən istifadə edə bilərlər.
Sonra Milli Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli Zəfər Günü ilə bağlı öz şeirini səsləndirib.
Sonda iştirakçılar Zəfər Gününə həsr edilmiş ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə 44 gün davam edən II Qarabağ müharibəsini, Zəfər tarixini özündə əks etdirən kitablar, məqalələr və s. materiallar nümayiş olunub.