MİLLİ MƏCLİS YANINDA TOPONİMİYA KOMİSSİYASININ YENİ ƏSASNAMƏSİ HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Arif Rəhimzadə gündəlikdəki birinci məsələ - “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyası haqqında” Əsasnamə barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2000-ci ildə qəbul olunmuş Əsasnamə günün qanunvericilik tələblərinə cavab vermədiyinə görə bu sənəd yenidən işlənmişdir.
Bu Əsasnamə Toponimiya Komissiyasının təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcəkdir. Öz fəaliyyətini Konstitusiyaya, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna, bu Əsasnaməyə və digər normativ aktlara əsasən quran Komissiya inzibati bölgüdə ərazi vahidlərinə və yaşayış məntəqələrinə yeni adların verilməsi, onların tarixi adlarının bərpası, adların dəyişdirilməsi və dəqiqləşdirilməsi məsələlərinə baxaraq rəy verəcəkdir.
Komissiyanın tərkibi tarix, dilçilik, geodeziya, etnoqrafiya və digər əlaqəli sahələr üzrə alim və mütəxəssislərdən təşkil olunacaqdır. Komissiyanın yeni tərkibi Milli Məclis tərəfindən təsdiqlənəcəkdir.
Sonra “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilmişdir. Milli Məclisin bir neçə deputatı Toponimiya Komissiyasına üzv qəbul edilmişdir.
Sonda hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.