SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov Türkiyə Respublikası Silahlı Qüvvələri quru qoşunlarının komandanı, ordu generali Hilmi Özkökü qəbul etmişdir.
Qonagı səmimiyyətlə salamlayan parlamentin sədri Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji əməkdaşlıq münasibətlərinin ilbəil inkişaf etdiyini xatırladaraq dedi ki, Türkiyə Prezidentinin, nazirlərinin, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisinin ölkəmizə səfərləri, respublikamızın Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi və işgüzar səfərləri əlaqələrimizin daha da intensiv inkişaf etməsinə şərait yaradır.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən danışaraq bildirdi ki, ölkələrimizin parlamentlərinin üzvləri bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin ölkəmiz üçün başlıca məsələ olduğunu bildirən parlamentin sədri xatırlatdı ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın-köçkünə çevrilmişdir. Murtuz Ələsgərov bəyan etdi ki, Azərbaycan bu vəziyyətlə heç bir şərtlə razılaşmayacaq və bütün vasitələrdən istifadə edərək öz torpaqlarını azad edəcəkdir.
Türkiyə Silahlı Qüvvələri quru qoşunlarının komandanı Hilmi Özkök vurğuladı ki, onun ölkəsində Azərbaycana böyük məhəbbət bəsləyirlər və qarşılıqlı münasibətlərimizi Prezident Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” kəlamı baxımından qiymətləndirirlər. General dedi ki, Türkiyə Azərbaycana həmişə kömək etmişdir və edəcəkdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxmayınca, Türkiyə bu ölkə ilə əməkdaşlıq etməyəcəkdir.