MİLLİ MƏCLİSDƏ “UŞAQLAR ÜÇÜN BÜDCƏ SİYASƏTİ VƏ İNVESTİSİYALAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Milli Məclisdə parlament, YUNİSEF və Azərbaycan İqtisadçılar Birliyinin (AİB) təşəbbüsü ilə “Uşaqlar üçün büdcə siyasəti və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri açaraq, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, problemlərinin həlli istiqamətində atılmış addımlardan danışmış, dövlətimizin iqtisadi imkanları artdıqca gənc ailələr, gənclər və uşaqlarla bağlı xüsusi dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırmışdır.
B.Muradova parlamentin, YUNİSEF-in və AİB-in uşaqların problemlərinin həlli ilə bağlı büdcə vəsaitlərinin düzgün xərclənməsinin monitorinqinin aparılması, şəffaflığın təmin olunması istiqamətində həyata keçirdiyi proqramı da müsbət qiymətləndirmiş, hazırlanmış tövsiyələrin, rəy və təkliflərin qanunvericilikdəki boşluqların aradan qaldırılmasına xidmət edəcəyini bildirmişdir.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova çıxış etmiş, Azərbaycandakı iqtisadi inkişafdan danışmış, əldə olunan gəlirlərin insan kapitalına yönəldildiyini konkret faktlarla diqqətə çatdırmış, bu sahələrlə bağlı mütərəqqi qanunların qəbul olunduğunu bildirmişlər.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer Azərbaycan dövləti başçısının, parlamentin və hökumətin ailə, uşaq və gənclərin müdafiəsi istiqamətində atdığı addımları, qəbul olunmuş proqram və qanunları yüksək qiymətləndirmişdir. O demişdir ki, bir çox ölkələrdə, xüsusən də postsovet dövlətlərində büdcə vəsaitlərinin xərclənməsinin, uşaqların problemlərinin monitorinqinin aparılmasına icazə verilmir. Azərbaycanda bu ideyanın dəstəklənməsi ölkədə demokratiyanın inkişafı, şəffaflığın təmin olunması, insan hüquq və azadlıqlarına göstərilən diqqətin ən yüksək göstəricisidir. H.Singer YUNİSEF-in Azərbaycanın Təhsil, Səhiyyə nazirlikləri və dövlət komitələri ilə əməkdaşlığını da xüsusi qeyd etmişdir.
Sonra AİB-in nümayəndəsi professor Rəsul Balayev, YUNİSEF-in regional ofisinin məsul işçisi Qordon Aleksandr və başqaları Azərbaycanda həyata keçirilən proqramın məqsədi, monitorinqin nəticələri barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, qloballaşan dünyada gedən inkişaf bir sıra problemlər yaradır və həmin problemlər uşaqların sosial müdafiəsi, hüquqlarının, təhlükəsizliyinin qorunması istiqamətində müvafiq addımlar atılması zərurətini ortaya qoyur. Uşaqlar üçün büdcə siyasəti və investisiyalar sahəsində ölkədə ilk dəfə aparılan tədqiqatlar sosial sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsinə yaxşı imkan yaradır. Çıxışlarda o da qeyd olunmuşdur ki, Azərbaycanda aparılan bu tədqiqatların nəticələrindən gələcəkdə regionun digər ölkələrində istifadə olunacaqdır.
Konfransda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, müvafiq nazirlik, Dövlət Komitəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.