MİLLİ MƏCLİSİN DEPUTATI, “AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU BƏXTİYAR SADIQOVUN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Ümummilli liderimiz, əbədi Prezidentimiz, möhtərəm Heydər Əliyevin bizi cismən tərk etdiyi vaxtdan beş aydan bir qədər çox vaxt keçir. Həm onun sağlığında, həm də ötən dövrdə bu dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı çoxsaylı məqalə və oçerklər yazılmış, kitablar nəşr olunmuşdur. Bütün bunların hamısı Heydər Əliyev şəxsiyyətinə olan böyük maraqdan, məhəbbət və ehtiramdan irəli gəlsə də, etiraf etməliyik ki, heç də kitabların hamısı eyni səviyyədə olmamışdır.
Bu gün təqdimatına yığışdığımız “Dünyanı heyran qoyan insan” kitabını isə bu mənada Əliyevşünaslığa verilən ən dəyərli töhfələrdən biri hesab etmək olar. Mən kitabı şərti olaraq, iki hissəyə bölmək istərdim: ümummilli liderimiz, cənab Heydər Əliyev ölkəmiz daxilində necə görünür, tanınır və qiymətləndirilir, dünya Heydər Əliyevi necə görür, necə tanıyır.
Bizim hər birimiz ümummilli liderimiz Heydər Əliyevin müasiri olmuş, onun həyat və fəaliyyətini müşahidə etmiş və böyük bir məktəb kimi bu insandan öyrənmişik. Bu, taleyin qisməti idi. Lakin elə insanlar da olmuşdur ki, möhtərəm Heydər Əliyevin bilavasitə rəhbərliyi altında çalışmış, onunla yanaşı olmuş, onun tapşırıq və göstərişlərinin, ideyalarının bilavasitə həyata keçirilməsində iştirak etmişlər. Heydər Əliyevin sədaqətli silahdaşlarından biri də fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev olmuşdur. Bu gün təqdimat mərasiminə toplaşdığımız bu kitaba alim-filosof, ideoloq Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlı əsəri də salınmışdır. Bu əsər məna dərinliyinə, orijinallığına görə bənzərsizdir.
Düzgün metodoloji araşdırmaya, zəngin faktlara, dərin təhlilə, dəmir məntiqə əsaslanan və inandırıcılıq gücünə malik olan bu əsəri indiyə qədər ümummilli liderimiz Heydər Əliyev haqqında yazılmış fəlsəfi-siyasi, elmi oçerklər içərisində ən önəmlisi hesab edirəm. Ramiz Mehdiyevin tədqiqatının, araşdırmasının ən üstün cəhətlərindən biri odur ki, hələ hadisələr baş verən dövrdə, necə deyərlər isti-isti onu görüb, seçib, qiymətlədirir, Azərbaycan tarixində yerini düzgün müəyyənləşdirir və insanların adi və sadə həqiqətləri dərk etmələrinə obyektiv yardımçı olur. Tədqiqatçı alim təkcə hadisələri, faktları sadalamaqla kifayətlənmir, onların dərinliyinə vararaq mənasını, mahiyyətini aşkara çıxarır, zəncir kimi bir-birinin ardınca düzərək, oxucular üçün bir mənzərə, panorama yaradır.
Heydər Əliyev haqqında yazılmış bu əsəri oxuduqca, buradakı zəngin faktlarla tanış olduqca, möhtərəm Prezidentimizin, əbədi Prezidentimizin bütün həyat və fəaliyyəti gözlərimiz qarşısında canlanır və bu böyük insanın Azərbaycan naminə, onun müstəqilliyi naminə gördüyü işlərin bir daha canlı şahidinə və iştirakçısına çevrilirik. Bütövlükdə Heydər Əliyev haqqında yazılmış bu əsəri sanballılığına görə mən bundan sonra yazılacaq əsərlər üçün metodik əsas hesab edirəm.
Əlbəttə, bu kitab haqqında saatlarla danışmaq olar. Ancaq mən demək istəyirəm ki, hər cümləsi, hər abzası öz dərinliyinə, mənasına görə yüksək zirvəyə qalxan “Əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider haqqında bəzi düşüncələr” əsərinin buraya daxil edilməsi kitabın sanbalını artırmış, onu mənaca daha da zənginləşdirmişdir.
Ümummillli liderimiz Heydər Əliyev həm də ən çox danışıqlar aparan və görüşlər keçirən dövlət xadimi olmuşdur. Bu danışıqlarda və görüşlərdə o, zəkası ilə, müdrik fikirləri ilə öz müsahiblərini ələ almış, söhbəti istənilən məcraya yönəltmiş, lazım gəldikdə isə, duzlu, məzəli yumoru ilə müsahiblərinin xatirində silinməz izlər qoymuşdur.
Onunla bir dəfə görüşən insanlar daim yenidən görüşə can atmış, bir neçə dəfə görüşən insanlar isə heyranlıqlarını heç kəsdən gizlədə bilməmişlər. Bunların hamısı ayrı-ayrı insanların, dövlət başçılarının, müxtəlif siyasətçilərin və din nümayəndələrinin Prezidentimiz haqqında sözləri ilə müşayiət olunmuşdur. Kitabda bu sözlərin böyük bir qismi öz əksini tapmışdır. ABŞ Prezidenti Corc Buşun sözlərini diqqətinizə çatdırmaq istəyirəm: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Cənab Heydər Əliyev Amerikada dəfələrlə səfərdə olmuş, dövlət başçıları ilə görüşmüş və Azərbaycanın dövləti maraqlarını, mənafeyini qorumuş, orada ölkəmizlə bağlı bir çox məsələləri həll etmişdir. Hər bir görüş ABŞ prezidentlərinə də çox dərin təsir bağışlamışdır. Belə görüşlərin birində ABŞ-ın keçmiş Prezidenti Bill Klinton demişdir: “Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Mən burada bizim hamımızın sanki ürəyindəkiləri ifadə edən bir fikri, Fransa Prezidenti Jak Şirakın sözlərini sitat gətirmək istəyirəm: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
MDB məkanından olan görkəmli ziyalılar da öz ürək sözlərində Azərbaycan Prezidentini yüksək qiymətləndirmişlər. Məşhur qırğız yaşıçısı Çingiz Aytmatovun da bir fikrini xatırlatmaq istəyirəm: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur”.
Ən nəhayət, Aleksandr Budberqin “Moskovski komsomolets” qəzetində çap etdirdiyi geniş və dərin məzmunlu məqalədən bir sitatla dediklərimi yekunlaşdırmaq istəyirəm: “Heydər Əliyev Simurq quşu kimi yenidən pərvazlanaraq, bütün dünyanı onunla hesablaşmağa məcbur etmişdir. Hətta nadir postsovet məkanında da başqa belə bir nümunə yoxdur”.
Gördüyünüz kimi, biz Heydər Əliyevi necə dərin məhəbbətlə sevib, ona necə yüksək qiymət vermişiksə, dünya da bizim ümummilli liderimizi eləcə görüb tanımış, bu cür yüksək dəyərləndirmişdir.
Mən bu kitabın meydana gəlməsinin şahidi olmuşam. Hörmətli Ramiz Mehdiyev tərəfindən bu ideya ortaya atılarkən, AZƏRTAC-ın kollektivi də onun icrasına başladı. Mən deyə bilərəm ki, onlar çox zəhmətli bir iş görüblər, gözəl poliqrafik səviyyədə, nəfis şəkildə çap olunmuş gözəl bir kitab meydana gəlmişdir. Bu kitabda gözəl illüstrasiya materialları, şəkillər vardır. Bu şəkillər, eyni zamanda, oradakı fikirləri tamamlayır və kitabın dizaynını daha da gözəlləşdirir. Kitabda müəyyən fikirlərin ramkaya alınıb qabardılması, oxucuların ondan istifadə etməsini daha da asanlaşdıracaqdır.
Əlbəttə, belə kitabın meydana gəlməsi çox gözəl haldır və mən əminəm ki, bu, Əliyevşünaslığa əyani töhfə olmaqla yanaşı, eyni zamanda, qələm əhli üçün də çox gözəl yardımçı olacaqdır. Mən çıxışımın sonunda kitabla bağlı bir arzumu da bildirmək istəyirəm.
Azərbaycana çoxsaylı qonaqlar gəlir, Azərbaycandan xarici ölkələrə çoxlu insanlar gedir. Mən arzu edərdim ki, bu kitab müxtəlif dillərə tərcümə olunsun və biz qonaqlara bu kitabları verə bilək, həmçinin, özümüzlə də xaricə apara bilək, dünyanın sevdiyi insan haqqında deyilən ən xoş sözləri ona verilmiş obyektiv qiyməti əks etdirən bu kitabı dünyaya yaymaq vacibdir.
Diqqətinizə görə sağ olun.