Milli Məclisin deputatı beynəlxalq seminarda iştirak edəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Parlamentlərarası İttifaqın Dayanıqlı inkişafın məqsədlərinə nail olunması naminə Asiya-Sakit Okean regionu ölkələrinin parlamentlərinin üçüncü regional seminarı keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü Şahin İsmayılov tədbirdə iştirak etmək üçün sentyabrın 12-də Pakistana yola düşəcək.
Seminarda Asiya-Sakit Okean regionunda COVID-19 pandemiyasının Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri, regionun sosial, iqtisadi və ekoloji sahələrində yeni çağırışlar, keyfiyyətli təhsil və gənclərin işlə təmini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin institutlaşması təcrübəsi və parlament mexanizmləri kimi mövzular müzakirə ediləcək, müvafiq sənədlər qəbul olunacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Səfər sentyabrın 15-də başa çatacaq.