Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilmişdir
Bakı, 22 aprel (AZƏRTAC, Aidə Quluzadə). Aprelin 22-də Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur.
Komitənin sədri Rəbiyyət Aslanova bildirmişdir ki, Protokol 2013-cü ilin dekabr ayında Strasburq şəhərində imzalanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan bundan əvvəl də insan hüquq və azadlıqlarının müdafiəsinə dair sənədlərə qoşulmuşdur. Ölkəmiz 1950-ci ildə qəbul olunmuş bu Konvensiyanın və digər sənədlərin tələblərini yerinə yetirməkdə maraqlıdır. Azərbaycanın milli qanunvericiliyində də bu məsələlər öz əksini tapır. Ölkədə qəbul olunmuş dövlət proqramları, digər sənədlər, imzalanmış fərman və sərəncamlar insan hüquqlarının qorunmasının prioritet məsələlərdən biri olduğunu sübut edir.
İclasda qeyd edilmişdir ki, müasir dünyada gedən proseslər, yeni tələblər və çağırışlar bu Konvensiyaya müəyyən müddəaların əlavə edilməsi zərurətini yaradır.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov həmin müddəalar haqqında məlumat vermişdir. O, bildirmişdir ki, dəyişikliklər Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətində səmərəliliyin artırılması məqsədini daşıyır. Hazırda Məhkəmədə baxılmalı çox iş vardır. Avropa Şurasının qəbul etdiyi protokollardan sonra işlər bir qədər azalsa da, zaman yeni addımların atılmasını tələb edir.
Müzakirələrdən sonra Protokol qəbul edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.