MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının martın 4-də keçirilən iclasında “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişiklik və əlavələr edilməsi barədə”, “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə” Qanun layihələri müzakirə edilmişdir.
Daimi komissiyanın sədri Asya Manafova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunun 24-cü maddəsinə (əhalinin və ictimai birliklərin məlumat almaq hüququ) təklif edilən dəyişiklikdə deyilir ki, alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, əhali və ictimai birliklər ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar təşkilatlardan məlumat ala bilərlər. Eləcə də “Məlumat azadlığı haqqında” Qanunun 10-cu maddəsinə, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 64-cü maddəsinə dəyişikliklər, İnzibati Xətalar Məcəlləsinin (İXM)181-ci maddəsinə 181-1 maddəsi əlavə edilməsi təklif olunmuşdur.
“İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 83-cü maddəsinə edilən 83-1 əlavədə deyilir ki, təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyəti sığortalanmadan fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz misli miqdarında cərimə ediləcəkdir.
Komissiya üzvləri qanunlara təklif olunan əlavə və dəyişikliklərin parlamentin müzakirəsinə çıxarılması barədə qərar qəbul ediblər.