Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyə iki məsələnin daxil edildiyini bildirib. Qeyd edib ki, birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirib ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib.
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarılıb. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılanıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bununla da əmək və sosial siyasət komitəsinin iclası başa çatıb.