MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ İCLASINDA İŞTİRAK EDƏCƏK
Azərbaycan Milli Məclisi sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, deputatlardan Cahangir Hüseynov, Elton Məmmədov, Amaliya Pənahova, Aynur Sofiyeva Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleya Şurasının iclasında və təşkilatın XX geniş iclasında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şuranın iclasının gündəliyinə Azərbaycan Respublikası Konstitutusiyasına dəyişikliklər edilməsi üzrə keçirilmiş referendumda və Ukrayna parlamentinə seçkilərdə qurumun müşahidəçilərinin iştirakı, Birliyin üzvü olan ölkələrin dövlət və hökumət başçıları şuralarında qəbul edilmiş sənədlərin təsdiq olunmasının vəziyyəti, Sankt-Peterburq parlamentlərarası forumunun terrorizmə qarşı mübarizə haqqında yekun Bəyannaməsinin həyata keçirilməsi barədə məsələlər daxildir.
Parlamentlərarası Assambleyada model Təhsil Məcəlləsi, Vergi Məcəlləsi, dövlət ekspertizası, hərbi veteranlar, maarifçilik fəaliyyəti, polis haqqında model qanunlar, sərhədyanı əməkdaşlıq üzrə Konvensiya layihəsinin hazırlanması, qanun yaradıcılığında beynəlxalq seçki standartlarının tətbiqi və digər məsələlər müzakirə olunacaqdır.
Dekabrın 8-dək davam edəcək səfər müddətində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov digər nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirəcək, ölkələrarası münasibətlərin parlamentlər səviyyəsində inkişafı, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi barədə fikir mübadiləsi aparacaqdır.