Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilmişdir
Bakı, 6 may (AZƏRTAC, Aidə Quluzadə). Mayın 6-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihələrinin müzakirəsi daxil idi.
Komitənin sədri Arif Rəhimzadə bildirmişdir ki, qanun layihələrində nəzərdə tutulan bələdiyyələrin birləşdirilməsi məsələsi əsasən kənd bələdiyyələrinə aiddir. Çünki kiçik bələdiyyələr öz büdcəsini formalaşdıra bilmir və nəticədə onların fəaliyyəti çox passiv olur.
Diqqətə çatdırılmışdır ki, yaradıldığı ilk vaxtlarda Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərirdi. Lakin fəaliyyətləri qənaətbəxş olmadığı üçün 2009-cu ildə bələdiyyələr birləşdirilmiş və onların sayı 1716-a endirilmişdir. Yeni qanuna əsasən 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir.
İclasda qeyd edilmişdir ki, hazırda bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur. Yeni qanun bələdiyyələrin büdcəsini formalaşdırmağa, fəaliyyətini gücləndirməyə yönəlmişdir.
Qeyd edək ki, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən rayonları üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonları üzrə 4, Zaqatala üzrə 6, Şamaxı üzrə 8, Gədəbəy üzrə 11, Ağdaş üzrə 15, Qəbələ rayonu üzrə isə 19 bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur.
Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunmuşdur.