MİLLİ MƏCLİSİN TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Parlament sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov bildirmişdir ki, qanun layihələri Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuşdur. Konsepsiya 2005-ci il avqustun 26-da Rusiyanın Kazan şəhərində imzalanmışdır. Sənədin indiyədək ratifikasiya olunmamasının səbəbi konsepsiyanın detallarına dair ayrıca əməkdaşlıq proqramının bu yaxınlarda, 2007-ci il oktyabrın 5-də Düşənbə şəhərində qəbul olunması və sənədlərin öyrənilməsi zəruriliyi ilə bağlıdır. Sənədlərdə ekstremizmə və terrorizmə qarşı mübarizənin təşkilati və hüquqi tədbirləri, konsepsiyanın özünün ümumi müddəaları, məqsədləri, vəzifələri, prinsipləri göstərilmişdir.
Z.Əsgərov 4 ölkənin - Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın Konsepsiyanın üçüncü fəslinə “Ekstremizmin ən təhlükəli təzahürlərindən biri olan separatizmə dəstəyin bütün formalarının qarşısının alınması” bəndinin əlavə olunmasını təklif etdiyini və sənədə bu bəndlə qoşulduğunu diqqətə çatdırmışdır. Bildiyimiz kimi, separatizmdən hər dörd respublika əziyyət çəkir. Bu bənd hər bir dövlətin ərazi bütövlüyü və suverenliyi çərçivəsində qəbul olunmuş prinsiplərə uyğundur.
Komissiyanın sədri əməkdaşlığın konkret istiqamətlərinə aid ikinci qanun layihəsi ilə bağlı Azərbaycan Prezidentinin xüsusi rəyi olduğunu diqqətə çatdırmışdır. Bu rəyə əsasən, Azərbaycan Respublikası Proqramın hər bir tədbirində iştirakı barədə ayrıca qərar qəbul edəcəkdir.
Çıxış edən deputatlar sənədlərin əhəmiyyətindən danışmışlar.
Sonda hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.