Milli Qəhrəman Muxtar Qasımovun Vətən sevgisi
Bakı, 2 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 2-də Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Rəşad Qasımovun quruluşunda Milli Qəhrəman Muxtar Qasımova həsr olunmuş “Vətən sevgisi” adlı sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Milli qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində nümayiş olunan filmin təqdimatı Muxtar Qasımovun məzunu olduğu Azərbaycan Tibb Universitetində baş tutub.
Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin dosentləri Cavanşir Sadıqov və Elbrus Sadıqov çıxış edərək yeni gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və təbliği məqsədilə həyata keçirilən sənədli filmlər layihəsini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsində məqsəd zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
Daha sonra Milli Qəhrəmanın keçdiyi ömür yolundan və öz vətəninə şərəflə xidmət etməsindən söz açılıb. Bildirilib ki, Milli Qəhrəmanımızın hər bir gənc həkimə örnək ola biləcək həyat yolu var.
Tədbirdə iştirak edən Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları onun keçdiyi həyat və döyüş yolundan söz açaraq xatirələrini bölüşüblər. Qeyd olunub ki, Muxtar Qasımov 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Tibbi təhsilini başa vurduqdan sonra cəbhədə bütün yaralıları xilas etmək üçün xüsusi rəşadət göstərib. O, 1992- ci il iyulun 16-da Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Daha sonra filmin təqdimatı olub.
Qeyd edək ki, film “Yaddaş” sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Milli qəhrəmanlar” silsiləsi çərçivəsində çəkilib.