Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin məlumatı
CASUSLAR MƏSULİYYƏTƏ CƏLB OLUNDULAR
Milli Təhlükəsizlik Nazirliyi ilə İran İnformasiya və Təhlükəsizlik Nazirliyi arasında 2001-ci ilin sentyabr ayında hər iki ölkənin milli maraqları çərçivəsində əməkdaşlıq, bir-birinə qarşı düşmənçilik hərəkətlərinə yol verilməməsi barədə razılıq əldə olunmuş, bu ilin iyul ayında müvafiq memorandum imzalanmışdır. Ötən müddət ərzində xüsusi xidmətlər arasında qarşılıqlı inam yaradılması sahəsində müəyyən iş görülmüş, bu istiqamətdə səylər davam etdirilir.
İran İslam Respublikasının xeyrinə casusluq fəaliyyətinin ifşasına dair aşağıdakı məlumatı ictimaiyyətə çatdırarkən, diqqəti birinci növbədə barəsində danışılan cinayətin hazırlanma və törədilmə tarixinə - iki ölkənin xüsusi xidmət orqanları arasında münasibətlərin başlanmasınadək olan dövrə aid olduğuna cəlb edir və gözləyirik ki, belə əməllərə gələcəkdə yol verilməyəcəkdir.
2002-ci ilin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycan vətəndaşı, Astara rayonunun 1972-ci il təvəllüdlü sakini Akif Əliağa oğlu Abdullayevin İranın xüsusi xidmət orqanlarının xeyrinə casusluq fəaliyyəti barədə əməliyyat məlumatı daxil olmuşdu.
Həmin məlumat ətrafında keçirilmiş tədbirlər nəticəsində 2002-ci il iyul ayının əvvəlində Akif Abdullayev və onun əlaqələndiricisi - İran İslam Respublikası vətəndaşı, 1964-cü il təvəllüdlü Fəramərz Ramazan oğlu Behruz-Painənzab yaxalanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 276-cı və 318.1-ci maddələri ilə dövlətə xəyanətdə, casusluqda və sərhəd pozuculuğunda təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində aparılan araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, Fəramərz Behruz-Painənzab 2001-ci ilin avqust ayında İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi - “Ettelaat”ın Astara (İran) şəhər şöbəsinin məsul əməkdaşı Hacı Seyid Musəvi tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycanın cənub bölgələrində kəşfiyyat xarakterli məlumatlar toplamaq və maddi maraq müqabilində səbatsız şəxsləri casusluq fəaliyyətinə sövq etmək barədə tapşırıqlar almışdır. Az sonra o, idarə etdiyi yük avtomobili ilə Azərbaycana gələrək Astara şəhərində yaxın tanışı Akif Abdullayevlə görüşmüş, maddi maraq zəminində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair təklifə onun ilkin razılığını almışdır.
Qabaqcadan şərtləşildiyi kimi, Akif Abdullayev 2001-ci il avqust ayının 20-də “alver” bəhanəsi ilə qonşu dövlətin ərazisinə getmişdir. Burada onu İran xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Həsənqulu Fərasəti qarşılayaraq Astara şəhərində Hacı Seyid Musəvi ilə görüşdürmüşdür. Həmin görüş zamanı A.Abdullayev kəşfiyyat xarakterli məlumatları toplayacağına bir daha könüllü razılıq vermiş və məxfi əməkdaşlığa cəlb olunmuşdur.
İstintaq prosesində sübuta yetirilmişdir ki, Akif Abdullayev Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası üzrə fəaliyyətə başlamış, mütəmadi olaraq Astara şəhərində Fəramərz Behruz-Painənzabla məxfi görüşlər keçirərək topladığı materialları - rayon ərazisindəki hərbi şəhərciyin, sahilboyu sərhəd zastavalarının əllə çəkilmiş planlarını, strateji təyinatlı müdafiə qurğuları, hərbi hissələrdəki şəxsi heyətin sayı, təchizatı, rayonun icra və hüquq-mühafizə orqanları rəhbərləri barədə əldə etdiyi məlumatları, xəritə toplularını, dövri nəşr nümunələrini onun vasitəsi ilə Hacı Seyid Musəviyə çatdırmış və bunun müqabilində pul almışdır.
Fəramərz Behruz-Painənzab istintaqa verdiyi ifadələrdə özünü tam təqsirli bilərək Azərbaycan Respublikası əleyhinə casusluq fəaliyyətini etiraf etmişdir.
Istintaq araşdırmaları tamamlanmış, toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə verilmək üçün respublika Prokurorluğuna göndərilmişdir.