Mingəçevirdə Əfqanıstan müharibəsi veteranlarına medallar təqdim olunub
Mingəçevir, 5 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialında Əfqanıstan müharibəsində iştirak edən veteranlara “Qırmızı ulduz” və “40-cı ordu“ medalları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İctimai Birliyin Mingəçevir filialının sədri Elşən İbrahimli tədbirdə Əfqanıstan müharibəsində iştirak edən rusiyalı veteranlarla Mingəçevir veteranları arasında əlaqələrin yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, Rusiya Əfqanıstan Veteranları İctimai Birliyi növbəti dəfə Mingəçevirin veteranlarını - Qədirov Qismət Niyazi oğlunu və Səfərov Sübhan Adil oğlunu mükafatlandırıb.
Mərasimdə qeyd olunub ki, 10 il davam edən Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib. Onların 208-i geri qayıtmayıb, 450 nəfəri əlil olub. Əfqanıstan müharibəsi veteranlarının 70 faizi sonradan Qarabağda gedən döyüşlərdə də fəal iştirak ediblər. Onlardan 17 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb. Mingəçevirin 8 nəfər Əfqanıstan müharibəsi veteranı Qarabağ döyüşlərində şəhid olub. Şəhərdə hazırda 110 nəfər Əfqanıstan müharibəsi veteranı yaşayır. Onlardan 6-sı əlildir.
Çıxış edən tədbir iştirakçıları veteranlara olan dövlət qayğısından söz açıblar. Bildirilib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iki Əfqanıstan müharibəsi veteranının - Elşən İbrahimli və Qismət Qədirovun həyat yolundan bəhs edən qısametrajlı film çəkilib.
Tədbirin sonunda Mingəçevirdəki N saylı hərbi hissənin və şəhər Təhsil Şöbəsinin nümayəndələri medalları sahiblərinə təqdim ediblər.