Minskdə yüngül atletika üzrə Avropa və ABŞ yığmaları arasında matç keçiriləcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Yüngül atletika tarixində ilk dəfə Avropa və ABŞ yığmaları arasında “qitələrin döyüşü” keçiriləcək. Bu tarixi matç Minskdəki yenilənmiş “Dinamo” Olimpiya stadionunda təşkil ediləcək. Belarus paytaxtının lap mərkəzində 25.000-dən çox tamaşaçının və 300 görkəmli atletin iştirakı ilə müasir formatlı möhtəşəm idman şousu gözlənilir.
Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən əsrin 60-70-ci illərindən başlayaraq bu cür görüşlər keçirildi. O vaxt məşhur SSRİ-ABŞ matçı kimi iri beynəlxalq matç görüşlərinə maraq çox güclü idi. Budəfəki görüşün təşəbbüskarı Avropa Yüngül Atletika Assosiasiyasının prezidenti Svena Arne Xansen olub.
Xansen deyib: “Bütün dünyada yüngül atletika həvəskarlarının diqqəti bu matça, onun iştirakçılarına, həmçinin azarkeşlərə yönələcək. Əminəm ki, idmanın bu növünün pərəstişkarları bu mühüm hadisəni indiyə qədər öz təqvimində qeyd etməyiblərsə, indi hökmən bunu edəcəklər”.
Avropalı ulduzlar arasında 2017-ci ilin dünya çempionları Pavel Faydek, Ramil Quliyev, Mariya Lasitskene, Sandra Perkoviç və Yekatarini Stefanidi, 2018-ci ilin Avropa çempionları Arman Duplantis, Paulina Quba, Mixal Xaratik, Elvira German, Voytsex Novitski, Paraskevi Papaxristu, Tomas Roler, Lea Şprunger, Yustina Sventi-Ersetiç və Mmltiadus Tentoğlu kimi məşhurlar var. Azərbaycanlı yüngül atlet, Olimpiya oyunlarının mükafatçısı Nazim Babayev də Avropa komandasının heyətinə daxildir.
Amerika komandasındakı görkəmli idmançı qadınlar arasında hazırkı Olimpiya çempionları Mişel Karter və Brianna Maknil, dəfələrlə dünya titullarına sahib olmuş Ellison Feliks və Britti Riz, kişilər arasında isə, yaxın vaxtlarda milli çempionlar olmuş Kreyq Engels, Hillari Bor, Ceron Rovinson, Sem Mattis və Konor MakKalok kimi məşhurlar var.
Matçın yayım hüququnu almış “Eurovision Sport” telekanalı bu matçı bütün Avropaya translyasiya edəcək. Gözlənildiyinə görə, qarşıdakı “qitələr döyüşü”nün telereytinqləri çox yüksək olacaq. Buna görə də Belarus 5 (Belarus Respublikası), CzeCh TV (Çexiya), DR (Danimarka), YLE (Finlandiya), France TV (Fransa), BBC (Böyük Britaniya), MTV (Macarıstan), LT (Litva), TVP (Polşa), RTS (Serbiya), SR (İsveç), NVC (ABŞ) telekanalları yayım hüquqlarının indidən alıblar.