Miqrasiya sahəsində baş verən son yeniliklər müzakirə olunub
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Görüşdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri iştirak edib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov görüşün məqsədinin miqrasiya sahəsində baş vermiş yeniliklər, qanunvericiliyə edilmiş təkmilləşdirmələr barədə məlumatlandırma işini həyata keçirmək və miqrasiya idarəçiliyi ilə bağlı özəl sektor təmsilçilərinin fikirlərini öyrənmək olduğunu bildirib.
Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işləri vurğulayan xidmət rəisi əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni şərtlər barədə məlumat verib. V.Hüseynov eyni zamanda xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və dövriyyənin həcminə dair tələblər, ölkə üzrə əcnəbi işçi qüvvəsinə olan tələbatın tam müəyyənləşdirilməsi məqsədilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” ilə bağlı edilən dəyişiklikləri də diqqətə çatdırıb.
Sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldığını bildirən V.Hüseynov özəl sektorun ehtiyaclarının, innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını vurğulayıb, xidmət tərəfindən göstərilən yeni elektron xidmətlər barədə məlumat verib. Məşvərət Şurasının miqrasiya sahəsində baş vermiş son yeniliklər barədə Azərbaycanda fəaliyyət göstərən işəgötürənlərin məlumatlandırılmasında mühüm rol oynadığını qeyd edib.
Sonra işgüzar qaydada qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, sahibkarlar təşkilatlarının və iri şirkətlərin nümayəndələri bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.